8 Noyabr Azərbaycanın müasir tarixində qürur, birlik və qəhrəmanlıq günü kimi əbədiləşmişdir. Hər il bu gün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəni böyük sevinc və minnətdarlıq hissi ilə qeyd edir. Bu münasibətlə Euroclima MMC-də də Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə şirkət rəhbərliyi və kollektiv üzvləri bir araya gələrək şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, müharibədə iştirak etmiş əməkdaşlara dərin təşəkkürlərini bildiriblər. Şirkətin təsisçisi Aslan Abdullayev çıxış edərək bildirib ki, 8 Noyabr xalqımızın tarixi yaddaşında unudulmaz günlərdən biridir. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyinin, Ali Baş Komandanın müdrik rəhbərliyinin və ordumuzun qəhrəmanlığının parlaq göstəricisidir. Aslan Abdullayev, müharibədə iştirak etmiş Euroclima MMC-nin əməkdaşlarının da bu şanlı Qələbənin bir parçası olduqlarını qeyd edib, onların xidmətini və fədakarlığını yüksək qiymətləndirib. Tədbirin sonunda müharibə iştirakçısı olan əməkdaşlara şirkət tərəfindən xüsusi hədiyyələr təqdim olunub. Bu jest, onların göstərdikləri igidliyə və vətənə sədaqətinə bir təşəkkür nişanəsi kimi dəyərləndirilib. Euroclima kollektivi üçün bu görüş təkcə bir bayram tədbiri deyil, həm də Vətən sevgisinin, milli qürurun və həmrəyliyin təzahürü oldu. Şirkət rəhbərliyi qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı kimi, Euroclima ailəsi də Zəfər Gününü böyük fəxr və minnətdarlıqla qarşılayır, şəhidlərimizin xatirəsini daim uca tutur.
Bu gün 8 Noyabr Zəfər Günü, Qarabağın azadlığı uğrunda döyüşən bütün qəhrəmanlarımızın şərəf və qürur günüdür.