Şirkət xəbərləri

27 Sentyabr - Anım Günü

27 sentyabr 2025

Azərbaycan Respublikasında hər il 27 sentyabr tarixi Anım Günü kimi qeyd olunur. Bu gün 2020-ci ildə baş vermiş və 44 gün davam edən İkinci Qarabağ müharibəsində canını Vətən uğrunda fəda edən şəhidlərimizin xatirəsinə həsr olunur.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində müharibə başlamışdır. Azərbaycan Ordusu mülki əhalinin təhlükəsizliyini təmin etmək və düşmənin hücumlarının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatına başlamışdır. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu bir sıra şəhər və rayonları işğaldan azad etmiş, ərazi bütövlüyünü bərpa etmişdir.

Ən mühüm dönüş nöqtələrindən biri 8 noyabr tarixində Şuşa şəhərinin azad olunması olmuşdur. Bu qələbə müharibənin taleyini həll etmiş və 10 noyabrda hərbi əməliyyatlar dayandırılmışdır. Ardınca Ermənistan işğal etdiyi digər əraziləri - Ağdam, Kəlbəcər və Laçın rayonlarını da tərk etmişdir.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə, hər il sentyabrın 27-si Anım Günü kimi qeyd olunmuşdur. Xalqımız ölkəmizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi ehtiramla yad edir, onların göstərdiyi qəhrəmanlıq və fədakarlığı heç vaxt unutmur.